Маммедли А. А. Наводнения, экомиграция и пути снижения ущерба населению в Азербайджане // Международный научный журнал "Интернаука". - 2018. - №4.
Географические науки
УДК 364.25
Məmmədli Aynur Allahqulu
Magistr
Coğrafiya Fakültəsi
Bakı Dövlət Universiteti
Маммедли Айнур Аллахгулу
магистр
Географического факультета
Бакинского государственного университета
Memmedli Aynur Allahqulu
Master of the
Faculty of Geography of the
Baku State University
AZƏRBAYCANDA DAŞQINLAR, EKOMIQRASIYA VƏ ƏHALIYƏ DƏYƏN ZƏRƏRIN AZALDILMASI YOLLARI
НАВОДНЕНИЯ, ЭКОМИГРАЦИЯ И ПУТИ СНИЖЕНИЯ УЩЕРБА НАСЕЛЕНИЮ В АЗЕРБАЙДЖАНЕ
FLOODS, ECOMIGRATION AND WAYS TO REDUCE THE DAMAGE TO THE POPULATION IN AZERBAIJAN
Xülasə. Məqalədə Azərbaycanda baş verən daşqın hadisələri və onların vurduğu zərərlər, onlara qarşı görülən müdafiə tədbirləri ətraflı xarakterizə olunub. Gələcəkdə daşqınların baş verəcəyi təqdirdə müəllif tərəfindən ona qarşı əsaslandırılmış müdafiə tədbirlərinin görülməsiylə bağlı təkliflər verilmişdir.
Açar sözlər: təbii fəlakət, daşqın, ekomiqrasiya, sığorta.
Аннотация. В статье характеризуются происходящие наводнения в Азербайджане, их наносившийся ущерб и защитные меры принятых против них. В дальнейшем случае от автора предложены защитные меры против наводнений.
Ключевые слова: стихийное бедствие, наводнение, эко миграция, страхование.
Summary. The flood in Azerbaijan and its losses, the protection measures taken against them was summarised in the article. If the floods occur in the future the protection measures against it has been proposed by the author.
Key words: natural disasters, flood, eco migration, insurance.
Dünya təsərrüfatına zərər vuran daşqın hadisələrinin elmi baxımdan öyrənilməsi, qabaqcadan xəbər verilməsi və onun vurduğu ziyanın qarşısının alınması alimləri narahat edən mühüm problemlərdən biridir. Son 20 ildə dünyanın iri çay, göl və digər su sahələrində məskunlaşan əhalinin və burada yerləşən təsərrüfatların daşqına məruz qalması, bu hadisədən ziyan çəkməsi halları xeyli artmışdır. Hesablara görə, hər il dünya iqtisadiyyatına daşqın nəticəsində 21,6 mlrd ABŞ dolları həcmində zərər dəyir [1]. Bəzi illərdə zərər daha çox, tələfat daha böyük olması ilə seçilir. Məsələn, 1931-ci ilin iyun ayında Çinin Xuan əyalətində Xuanxe çayının daşması nəticəsində 1 milyondan çox adam həlak olmuşdur. 2002-ci ildə baş vermiş daşqınlar nəticəsində isə dünyanın 80 ölkəsində 17 mln adam zərər çəkmiş, dünya iqtisadiyyatına 40 mlrd ABŞ dolları həcmində zərər dəymişdir. Azərbaycanda isə 2010-cu il daşqını zamanı iqtisadiyyata 1mlrd. ABŞ dolları həcmində zərər dəymişdir [2].
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da daşqınlar vurduğu zərərlərə görə təbii fəlakətlər içində xüsusilə seçilir. Respublikada daşqın hadisələrinin baş verməsinə görə Kür və Araz çaylarının aşağı axınları fərqlənir. Daşqın hadisəsi Azərbaycanda əsasən yaşayış məntəqələrinə, əhali məskunlaşmasına, əhalinin sağlamlığına, torpaq örtüyü və kənd təsərrüfatına daha çox ziyan vurur [2].
Daşqınlar nəticəsində qrunt sularının səviyyəsi yer səthinə yaxınlaşdığından torpaqların tərkibi yüksək dərəcədə minerallaşır və bunun nəticəsində şoranlaşma baş verir. Şoranlaşma nəticəsində əvvəllər əkinə yararlı olan torpaq sahələri uzun müddət dövriyyədən çıxır. Göstərilənlərlə bərabər daşqın, subasma, su sızma nəticəsində Kür və Araz çayları boyunca məskunlaşmış əhali arasında müxtəlif xəstəliklərin, o cümlədən malyariya, mədə bağırsaq xəstəlikləri və s. baş verməsinə səbəb olur. Digər təbii fəlakətlərin dağıntı və zərərlərini aradan qaldırmaq üçün bir neçə ay, il tələb olunursa, daşqınlarda bu proses daha uzun müddət tələb edir [1].
Araşdırmalar göstərir ki, Kür və Araz çaylarında daşqınların yaranma səbəbləri aşağıdakı təbii və antropogen amillərdən ibarətdir:
2010-cu il daşqını zamanı Kürboyu ərazilərdə gərgin vəziyyət ümumi sahəsi 9min850ha olan Sarısu gölü ətrafında olmuşdur. Bu gölün sahəsi daşqın sularının hesabına genişlənərək 20min ha-ya yaxın ərazini tutmuşdur. Nəticədə gölün sahil boyunda yerleşen bəndlər bu hala dözməyib dağılmış və ətraf ərazi və kəndləri su basmışdır.
Kür çayına nisbətən Araz çayında daşqın hadisələri və bəndlərin dağılması az baş versə də, Araz çayında olan daşqınların 70%-i Arazın sağ sahilində daha çox zərərlərə səbəb olur. Bunun 33%-i filtryasiyanın, 15%-i isə sahil və bəndlərin yuyulmasının payına düşür. Belə bir vəziyyətdə torpaq bəndlər daşqının qarşısını tam ala bilmədiyindən Kür çayının dağətəyi ərazilərində və Araz çayı üzərində su anbarlarının tikilib istifadəyə verilib və gələcəkdə də yeni su anbarlarının tikintisi nəzərdə tutulub. Kür çayında Mingəçevir, Şəmkir, Yenikənd, Araz çayında isə Araz su qovşağı tikilib istifadəyə verilmişdir. Göstərilən su anbarlarının inşasından sonra 1953-2000-ci illər ərzində daşqın hadisələrinin sayı nisbətən azalmışdır. 2005-2010-cu illər ərazində su təsərrüfat sisteminin qurulması və idarə olunması ilə bağlı 750 mln manat dövlət büdcəsindən, 200 mln manat xarici kredit şəklində olmaqla, cəmi 950 mln manat vəsait ayrılmasına baxmayaraq daşqınlara qarşı əsaslı müdafiə tədbirləri görülməmişdir [3].
Son 10 ildə daşqınların baş verməsi nəticəsində Azərbaycan iqtisadiyyatına təqribən 1,5 mlrd ABŞ dollar ziyan dəymişdir. Əgər 2003-cü ildə ölkə iqtisadiyyatına 30 min, 2006-cı ildə 70min dollar ziyan dəymişdisə, 2010-cu ildə bu 1mlrd dollar təşkil etmişdir. 2010-cu ilin may ayının birinci ongünlüyündə baş verən, əhatə dairəsinə görə daha çox əraziləri əhatə edən daşqın son 114 ildə (1896-2010) ən dağıdıcı daşqın hesab edilə bilər. Ölkədə inzibati rayonların 33%-i, yaşayış məntəqələrinin 8,4%-i, əhalinin 20%-i, sənaye müəssisələrinin 3%-i, kənd təsərrüfatı müəssisələrinin 12%-i, avtomobil yollarının 14%-i fasilələrlə daşqınlara məruz qalır [8].
Kənd təsərrüfatı və onun əsasında inkişaf edən yeyinti sənayesi daşqın hadisəsinə məruz qalma dərəcəsinə görə daha həssasdır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən 2003-cü ildə 48 min ha payızlıq taxıl əkinləri daşqın nəticəsində yararsız hala düşməklə taxılçılığa 5,5 mln manat həcmində ziyan dəymişdir [7]. Əhalinin una olan tələbatının 15-20%-ə qədəri daşqın nəticəsində ödənilməmişdir. Respublikada olan taxıl əkinlərinin 38%-i və istehsalının 4%-ə qədəri daşqınların yayıldığı düzən ərazilərin payına düşmüşdür. 2010-cu ildə Kürün aşağı axınında baş verən daşqın zamanı yeyinti sənayesinə məxsus müəssisələrin 60%-dən çoxunun iş ahəngi pozulmuş və bu sahəyə külli miqdarda zərər dəymişdir. Neftçaladakı nərə balıq yetişdirilən zavoda və Bankə qəsəbəsindəki balıq-kürü konserv zavoduna dəyən ziyan 100min manatdan çox olmuşdur. Dəyirmanlarda yığılmış 10 tonlarla taxıl və hazır un məhsulları tamamilə yararsız hala düşmüşdür. Azərbaycanda əhalinin stabil olaraq ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeyinti sənayesinin daşqın hadisəsindən qorunmasına dövlət səviyyəsində xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Respublikası əhalisinin 20%-ə yaxını daşqın təhlükəsi altında yaşayır. 1900-2003-cü illərdə ve 2010-cu ilde əsasən Kür və Araz çaylarında 150-dək daşqın hadisəsi baş vermişdir [4]. Daşqınlardan qorunmaq üçün əhalinin bir qismi öz təsərrüfatlarını və evlərini tərk edərək təhlükəsiz ərazilərə köçmüşlər. Bu zaman ekoloji miqrant adlanan əhali qrupu meydana gəlmiş, onların yeni yaşayış yerlərinə adaptasiyası, reabilitasiyası, sosial və məişət problemlərinin həll edilməsi kimi vəzifələr qarşıya çıxmışdır.
Ekomiqrantlar üçün yeni şəraitin yaradılması məsəsləsində problemin sosial-demoqrafik aspektlərinin nəzərə alınması zəruridir. Onlar üçün yaşayış məntəqələrinin tipinin əvəzlənməsi, yəni kənddən qəsəbəyə çevrilməsi həmişə birmənalı qarşılanmır. Adaptasiya və reabilitasiya işlərinin aparılmasında həmin rayonun mədəni xüsusiyyətləri nəzərə alınmalıdır [6].
2010-cu il daşqını zamanı zərər çeken insanlar üçün Şirvan şəhərində müvəqqəti daşqın şəhərciyi yaradıldı. Daşqını zamanı miqrantların fəlakət zonasından evakuasiyasının ilk günlərində daşqına məruz qalan əhali qida və ərzaqla təmin olundu. Səhiyyə Nazirliyinin əməkdaşları çadır düşərgəsində əhalinin sağlamlığına nəzarət edirdilər. 17 tibb məntəqəsi yaradılmışdı, tibbi ləvazimatlarla təchiz edilmiş 20-dən artıq səyyar tibbi briqada fəaliyyət göstərirdi. Su təchizatı və çirkab sularının kənarlaşdırılması üzrə sanitar-epidemioloji nəzarət təmin edilmişdir. İnsanların kütləvi zəhərlənməsi hallarının baş vermə ehtimalının aradan qaldırılması üçün işlər görülürdü. İstifadə olunmuş su mənbələrinə laboratoriya nəzarət həyata keçirilirdi. Zərər çəkmiş uşaqların avtobuslarla məktəbə gediş gəlişi təşkil edilmiş, tərk edilmiş orta məktəblərin müəllimləri işlə təmin olunmuşdur.
“2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dair əlavə təkliflər haqqında” ölkə prezidentinin 2012-ci il 29 mart tarixli sərəncamına uyğun olaraq fərdi yaşayış evlərində, sosial və infrastruktur obyektlərində tikinti və təmir-bərpa işlərinin aparılması və zərər çəkmiş ailələrin sosial müdafiəsi tədbirləri üçün 50mln manat həcmində vəsait ayrıldı [8]. 2010-cu il daşqınının mənfi nəticələrinin aradan qaldırılması tədbirləri çərçivəsində 5 yeni qəsəbə salınmış, 3 mindən artıq ev, 100-ə yaxın sosial və infrastruktur obyekti inşa və ya təmir edilmiş, 5 min evdə təmir işləri aparılmışdır.
Müasir dövrdə əhalinin təsərrüfat fəaliyyətinin təbii fəlakətlərdən sığortalanması beynəlxalq təcrübədə geniş tətbiq olunur. Nəinki inkişaf etmiş, hətta inkişafda olan ölkələrin çoxunda da bu fəaliyyət geniş yayılmışdır. Əksər dünya ölkələrində təkrarlanan dağıdıcı təbii fəlakətlərdən, o cümlədən daşqınlardan sığortalanma işi tələb olunan səviyyədə qurularaq, dəymiş ziyanın 70-80%-i sığorta edilənlərə ödənilir.
Azərbaycanda daşqın eləcə də digər təbii fəlakətlər riski olan rayonların sığortalanma baxımından öyrənilməsi böyük əhəmiyyət kesb edir. Təbii fəlakət şəraitində əhalinin sığortaya cəlb edilməsinin iqtisadi-coğrafi və sosial tədqiqi kompleks xarakter daşıyır [3].
Azərbaycanda “ Sığorta haqqında qanun” 1993-cü ildə qəbul edilmiş, 2013-cü ildə həmin qanuna dəyişikliklər edilmişdir. Həmin dövrdən Azərbaycanda sığorta fəaliyyəti ilə məşğul olan Dövlət Sığorta Kommersiya Şirkəti və 30-a yaxın özəl sığorta şirkətləri tərəfindən əhaliyə dəymiş ziyanın ödənilməsi işi həyata keçirilir. Lakin Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkədə və onun regionlarında təbii fəlakətlərin təkrarlanması intensivləşib, əhatə dairələri genişlənib və onların vurduqları zərərlər kəskin surətdə artsa da, kəndlərdə və inzibati rayonlarda təbii fəlakətlərdən sığortalanma işi teleb olunan seviyyede deyildir.Daşqınların dəqiq proqnozlaşdırılması sisteminin yaradılması ona qarşı mübarizədə vacib məsələlərdəndir.Həmçinin çayla bənd arasında olan ərazilərin bu və ya digər məqsədlər üçün istifadəsi tam qadağan olunmalıdır. Xəzər dənizinin səviyyəsinin yüksək olduğu dövrlərdə Kür çayının aşağı axarında çayın yatağının gətirmə materiallardan vaxtaşırı təmizlənməsi daşqınların qarşısının alınmasında müsbət əhəmiyyət kəsb edə bilər. Eyni zamanda daşqınlara qarşı xüsusi dövlət proqramı qəbul olunmalıdır.
Ədəbiyyat